Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ölkəmizin müstəqillik yoluna nəzər salınıb
Bakı, 25 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən akademiyanın rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. O deyib ki, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində olan xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Onun sözlərinə görə, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan rəis müavini Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqil Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurlardan danışıb. O, ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini, Ulu Öndərin mütərəqqi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirin yekununda Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.