DÜNYA
FRANSA PREZİDENTİ 71 İLLİYİNİ QEYD EDİR
AZƏRTAC-ın müxbiri Parisdən xəbər verir ki, Fransa Prezidenti Jak Şirakın noyabrın 29-da 71 yaşı tamam olur və o, yubileyini tam gümrah, gələcək üçün çoxsaylı planlarla qarşılayır. Karyerasına 1962-ci ildə Jorj Pompidu hökumətində iqtisadi müşavir vəzifəsindən başlayan Jak Şirak, haqlı olaraq, Avropa siyasətinin patriarxı sayılır.
O, prezident seçkilərində dalbadal iki dəfə qalib gəlmiş, müxtəlif illərdə baş nazir, daxili işlər naziri, kənd təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Beşinci respublikanın banisi general de Qollun istefasından sonra onun siyasi varisi olan Jak Şirak daxili siyasətdə öz amallarını və beynəlxalq meydanda Fransanın mənafelərini əzmlə və qətiyyətlə qorumuşdur.
Fransanın yuxarı siyasi dairələri onu 2007-ci ildə keçiriləcək prezident seçkilərinə real namizəd sayırlar.