SİYASƏT
Fransa qəzeti son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranan gərginlikdən yazıb
Paris, 2 fevral, AZƏRTAC
Fransanın “Le Croix” qəzetində son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin tez-tez pozulması ilə əlaqədar yaranan gərginliyə dair məqalə dərc olunub.
Azərbaycanın əzəl torpağı olan Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladan müəllif Olivye Tale Qarabağ uğrunda döyüşlərdə 30 min insanın həlak olması, Ermənistan hərbi birləşmələrinin bir milyondan artıq azərbaycanlını silah gücünə doğma yurdlarından zorla çıxarması, hazırda onların qaçqın və məcburi köçkün vəziyyətində yaşamaları barədə oxuculara məlumat verib.
Məqalədə ötən ilin yayında qoşunların təmas xəttində gərginliyin görünməmiş həddə çatdığı qeyd olunub. Həmçinin bir neçə gün əvvəl Azərbaycan xarici işlər nazirinin Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündən də bəhs edilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris