FRANSA SƏFƏRİ UĞURLU OLMUŞDUR
Nümayəndə heyəti Fransanın sosial müdafiə, ailə, ahıllar və əlillər, habelə sosial harmoniya və imkan bərabərliyi nazirliklərində, ahıllar və uşaq evlərində bir sıra maraqlı görüşlər keçirmişdir.
AQUPDK-nın sədri demişdir ki, biz Fransanın müvafiq iki nazirliyində keçirdiyimiz görüşlərdə ölkələrimiz arasında əməkdaşlıq məsələlərini müzakirə etdik.
Səfər çərçivəsində bir neçə uşaq evinə baş çəkdik, qadın təşkilatlarının işi ilə yaxından tanış olduq və onların hüquqlarını müdafiə edən cəmiyyətlərin rəhbərləri ilə görüşdük. Ahıllar evində görülən işlər, profilaktik tədbirlər bizim üçün maraqlı idi.
Bizi maraqlandıran əsas məsələlərdən biri də belə evlərə dövlətin hansı şəkildə dəstək göstərməsi idi. Bizə bildirdilər ki, istər uşaqlarla, istərsə də yaşlı adamlarla bağlı problemlərə dövlət konkret qayğı göstərir və bu sahəyə büdcədən lazımi vəsait ayrılır. Bu o deməkdir ki, demoqrafiya problemi Avropanı ciddi narahat edir. Ona görə də Avropa ölkələrində, o cümlədən Fransada dövlət qurumları doğumun faizini artırmaq, habelə yaşlı nəslə dəstək vermək sahəsində fəal iştirak edirlər.
Qeyd etmək istəyirəm ki, Fransada qeyri-dövlət sektoru çox fəaldırlar. Doğrudur, vətəndaş cəmiyyətləri son zamanlar ölkəmizdə də çox sürətlə formalaşırlar. Biz istərdik ki, Avropa ölkələrinin əksəriyyətində olduğu kimi, bizdə də bir-biri ilə sıx bağlı olan dövlət, vətəndaş cəmiyyətləri bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla birlikdə insanların qayğısına qalsınlar. Onların birgə fəaliyyəti cəmiyyətimiz üçün faydalı ola bilər.
Əlbəttə, qarşı tərəf də komitəmizin gördüyü işlərə xüsusi maraq göstərdi. Fransalı həmkarlarımızı Azərbaycandakı demoqrafiya məsələsi daha çox maraqlandırdı. Onlar ölkəmizdə ailə münasibətlərinə, doğum səviyyəsinin yüksək olmasına dair saysız-hesabsız suallar verir, bu sahədə gedən proseslərlə yaxından tanış olmaq arzularını gizlətmirdilər.
Hesab edirəm ki, Fransaya səfərimiz uğurlu keçmiş, təcrübə qazanmaq, ikitərəfli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlıq baxımından böyük əhəmiyyətə malikdir.