ELM VƏ TƏHSİL
FRANSADA TƏLƏBƏLƏRİN ETİRAZ NÜMAYİŞİ
Hökumət yeni ildə ali təhsil sistemində islahatlar keçirmək barədə xüsusi proqram layihəsi hazırlamışdır. Layihədə üçpilləli təhsil sisteminə keçilməsi, diplomların Avropa diplomlarına uyğunlaşdırılması, ali təhsilin sərbəstləşdirilməsi, universitetlərin özəlləşdirilməsi və onlara muxtariyyət verilməsi kimi məsələlər öz əksini tapmışdır. Universitetlərin özəlləşdirilməsi, yəni pullu təhsilə keçilməsi çoxsaylı imkansız gənclərin təhsil almasına ciddi əngəl yaradacaqdır. Onsuz da hər il özünü dolandırmaq üçün iş tapan 60 mindən artıq tələbə universitetləri tərk edir.
Hökumətin yeni layihəsi tələbələr tərəfindən narazılıqla qarşılanmışdır. Layihəyə etiraz əlaməti olaraq, Ren-II universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin birinci və ikinci kurslarının tələbələri noyabrın 7-də nümayişə çıxmışdılar. Paris-XIII, Nant, Versal-Sen-Kantan, Lion-II , Gan və Qrenobl-III universitetlərinin tələbələri də öz həmkarlarını dəstəkləmişlər.
Noyabrın 20-də 10 mindən artıq tələbə küçə nümayişinə çıxaraq, hökumətin yeni layihəsinə etirazlarını bildirmişdir. Strasburq, Tuluza və digər şəhərlərin müxtləif ali təhsil ocaqlarının tələbələri də nümayişə qoşulmuşlar. Dövlət tələbələrin bu etiraz aksiyasına hələlik bir reaksiya vermir.