FRANSADA TÜRKİYƏ MƏDƏNİYYƏTİ İLİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, son illər iki ölkə arasında yaranmış siyasi soyuqluğa baxmayaraq Fransada “Türkiyə fəsli” devizi altında mədəniyyət ili keçiriləcəkdir. 2009-cu il iyulun 1-dən 2010-cu ilin avqustunadək fransızlar türk mədəniyyətinin müxtəlif sahələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Bu barədə xəbəri ölkənin Ankaradakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Stanislas Pyerre bildirmişdir.
Fransa siyasətçilərinin fikrincə, Türkiyə mədəniyyəti ilinin keçirilməsi fransızların bu ölkə barədə təsəvvürlərinin yaxşılaşmasında mühüm hadisə olacaqdır. Türkiyə mədəniyyəti nümunələrindən ibarət sərgilər əsasən Luvrda, Böyük sarayda və İncəsənət məktəbində nümayiş etdiriləcəkdir. Sərgilərin ölkənin daha beş şəhərində, o cümlədən Lion və Bordoda da təşkili nəzərdə tutulmuşdur.
Sərginin təşkilində yaxından iştirak edən Fransa assosiasiyalarından birinin nümayəndəsi demişdir ki, böyük ölkələr arasında müəyyən məsələlərdə anlaşılmazlığın olması təbiidir. Hər iki xalqın zəngin mədəniyyətini və ictimai dəyərlərini tanıtmaq məqsədi ilə Fransanın bir neçə cəmiyyəti bu işə səfərbər edilmişlər.
Fransanın bəzi siyasi dairələri ümidvardırlar ki, bu tədbir ermənilərin təhriki və Sosialist Partiyasının təklifi ilə Milli Assambleyanın “erməni soyqırımı”nı inkar edilməsinə görə cəza verilməsinə dair qəbul etdiyi qərardan, eləcə də Prezident Nikola Sarkozinin bəyanatlarında Türkiyənin Avropa dövləti olmadığından onun Avropa İttifaqına üzvlüyünün qeyri mümkünlüyü barədə dəfələrlə səsləndirdiyi fikirlərdən sonra iki dövlət arasında yaranmış soyuq münasibətlərə son qoyacaqdır.