Fransanın 13 departamentində sel xəbərdarlığı elan edilib
Paris, 16 iyul, AZƏRTAC
Fransanın şimal-şərqində 13 departamentdə sel xəbərdarlığı edilib.
AZƏRTAC xəbər verir ki, ölkədə davam edən güclü leysan yağışları bir çox departamentlərdə selin yaranmasına səbəb olub.
Ölkənin bir sıra qəsəbə və kəndlərində leysan yağışları çayların daşmasına səbəb olub. Evlərin zirzəmi və anbarlarını su basıb, yollar bağlanıb.
"Hazırkı daşqın və sellər təbii fəlakət deyil, qlobal istiləşmə ilə əlaqəli texnogen fəlakətdir", - deyə 2022-ci ildə keçiriləcək prezident seçkilərində ekoaktivistlərin namizədi Delfin Bato mövcud vəziyyətlə bağlı bildirib.
Mütəxəssislər iqlim dəyişikliyi ilə bağlı vaxtında tədbirlər görülməzsə, əsrin ikinci yarısında vəziyyətin daha dəhşətli olacağını qeyd edirlər.
Avropada son günlər baş vermiş leysan yağışları nəticəsində 100-dən çox insan həyatını itirib.
Xatırladaq ki, 2003-cü ildə Fransada 15 min insanın ölümünə səbəb olmuş istilik dalğası fransız ictimaiyyəti üçün qlobal istiləşmənin ilk böyük təzahürü kimi qəbul edilmişdi.