“Fransız poeziyasından yarpaqlar” - yeni nəşr
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi işçisi Mərcan Sofiyevanın layihə rəhbərliyi ilə “Fransız poeziyasından yarpaqlar” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, fransız poeziyasından seçmə şeirlərin təqdim olunduğu kitabın tərcümə mətnlərinin bədii redaktəsi Mərcan Sofiyevaya aiddir. Nəşrin elmi redaktoru Aida Feyzullayeva, fransız dilindən tərcümə məsləhətçisi İmran Quliyev, redaktor və korrektoru Ofelya İsmayılovadır. Dizayn və tərtibat Kəmalə İmamverdiyevaya məxsusdur.
Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova kitaba “Uğurlu layihə” başlıqlı “Ön söz” yazıb. Şeirlər Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya (fransız dili və ədəbiyyatı) fakültəsinin tələbələri Rəvanə Yusifova, Humay Mərdanlı, Leyla Hacıyeva, Aysel Nəcəfova və Nərmin Səlimova tərəfindən orijinaldan tərcümə olunub.
Qeyd edək ki, kitabda müəlliflər haqqında Azərbaycan dilində məlumat və hər bir şeirin fransızca orijinalı, Azərbaycan, rus və ingilis dillərində tərcümələri yer alıb. Kitabda fransız şairlərindən Şarl Bodler (1821-1867), Stefan Malarme (1842-1896), Pol Verlen (1844-1896), Pol Valeri (1871-1945), Jak Prever (1900-1977), Giyom Appolinerin (1880-1918) şeirlərinə müraciət olunub.