Ftiziatr-pulmonoloq: Məsləhət görərdim ki, tibbi maskadan tamamilə imtina olunmasın
Bakı, 27 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin qərarı ilə mayın 1-dən etibarən qapalı məkanlarda tibbi maskalardan istifadə məcburiyyəti aradan götürülür. Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı cari vəziyyət ürək açandır. Yoluxma və ölüm hadisələri hər gün azalır, lakin nəzərə almaq lazımdır ki, pandemiya hələ də davam edir.
Bunu AZƏRTAC-a Ağciyər Xəstəlikləri Dispanserinin ftiziatr-pulmonoloqu Afət Novruzova deyib.
“Bəzi ölkələrdə yoluxma və ölüm sayları günbəgün artır. Mart ayından Çində COVID-ə yoluxma statistikasında ciddi artım müşahidə edilib. Aparılan tədqiqatlardan məlum olub ki, bu infeksiya yeni növ deyil sadəcə BA2 ştamıdır. Bu ştam klassik “omikron”dan daha yoluxucudur”, - deyə pulmonoloq bildirib.
Keçən il martın 29-da Çində epidemiyanın bitməsi barədə bu ölkənin hökumətinin verdiyi bəyanatı xatırladan A.Novruzova deyib: “Bu ölkədə karantin qaydaları tamamilə ləğv edildi. Eyni zamanda fevral ayının 4-dən Pekin şəhərində 24-cü Qış Olimpiya Oyunları keçirilib. Çində karantin qaydalarının ləğv olunmağı və Olimpiya Oyunlarının keçirilməsi ölkədə yenidən epidemiyanın yayılmasına səbəb oldu”.
Hazırda Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyətin qənaətbəxş olduğunu deyən Afət Novruzova hesab edir ki, buna səbəb tibbi maskadan istifadə edilməsi, sosial məsafənin qorunması, sanitariya qaydalarına əməl olunması və ən önəmlisi peyvəndlərin kütləvi şəkildə vurulmasıdır.
“Mən uzun müddət koronavirus infeksiyasına yoluxmuş xəstələrlə işləyən həkim kimi məsləhət görərdim ki, tibbi maskadan tamamilə imtina olunmasın, çünki ağciyərində problemi olan, şəkərdən və təzyiqdən əziyyət çəkən xəstələrimiz virusu ağır keçirən risk qrupuna daxildirlər. İmmunitetimizi gücləndirməsi səbəbindən peyvəndlərin vurulması davamlı şəkildə aparılmalıdır”, - deyə o fikrini tamamlayıb.