FUTBOL QALMAQALLARINA AİDİYYƏTİ OLAN KLUBLARIN SİYAHISI AÇIQLANMIŞDIR
Bakı, 26 noyabr (AZƏRTAC). UEFA danışılmış oyunların təşkilində şübhəli bilinən və totalizator oyununda fırıldaqçılıqla əlaqədar futbol klublarının siyahısını açıqlamışdır. Belə komandalar sırasında Albaniyanın “Tirana” və “Vlazniya”, Latviyanın “Dinaburq”, habelə Sloveniyanın “İnterblok” və Macarıstanın “Qonved” futbol klublarının adları vardır.
UEFA rəhbərliyi hazırkı qalmaqalı Avropanın futbol tarixində ən hay-küylü hadisəsi adlandırmışdır. 2009-cu ildə dünyanın 14 ölkəsinin klublarının iştirak etdiyi 200-dən çox görüş şübhə altına alınmışdır.
Əsas təhqiqatı Almaniyanın Bohum şəhərinin prokurorluğu aparır. Almaniyada artıq bununla bağlı 15 nəfər həbs edilmiş, 200 nəfər isə şübhəli bilinir. Qalmaqallarda hakimlərin və ayrı-ayrı şəxslərin də adları hallanır. Əgər onların təqsiri sübuta yetirilərsə, böyük məbləğdə cərimə və həbs cəzası tətbiq ediləcəkdir.
Çin Xalq Respublikasında milli futbolun korrupsiyadan xilas edilməsi üzrə tədbirlər görülür. Çində öz biznesini danışılmış görüşlər üzərində qurmuş 16 fırıldaqçı həbs edilmişdir. Van Sinin başçılıq etdiyi idman lotareyası, daha doğrusu, futbol totalizatoru üzrə ixtisaslaşmış qrup saxlanılmışdır. Həmin qrupun üzvləri İnterpolun təqdimatı ilə 2009-cu ilin aprel ayında həbs edilmişdir. Lakin KİV-lər fırıldaqçıların ifşa olunması barədə məlumatı yalnız indi yaymışlar.
Təhqiqat prosesində müəyyən edilmişdir ki, Van Sin və onun tərəfdaşları Sinqapurda biznes təşkil etmiş, 2006-cı ildən isə Çində totalizator ilə məşğul olmağa başlamışlar. Qrupun bütün üzvləri futbol klublarında yüksək vəzifələr tutmuş və yaxud çempionatda iştirak edən komandaların məşqçiləri idilər.