Füzuli Dövlət Dram Teatrının aktyorları Mingəçevir səhnəsində “Hacı Qara” tamaşasını oynamışlar
Mingəçevir, 5 iyun (AZƏRTAC). Prezident İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrında “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” milli teatr festivalının birinci mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Füzuli Dövlət Dram Teatrı Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” (”Hacı Qara”) komediyası əsasında səhnələşdirdiyi tamaşanı təqdim etmişdir.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.
Tamaşada rolları Vaqif Rəhimov, Qaçaq Qarayev, Əli Hüseynov, Elçin Bağırov, Günel Hacıyeva, Şəlalə Nəsirova, Məryəm Məmmədova, Sevinc Məmmədova, Habil Hacıyev, Elçin Məmmədov, Nicat Süleymanzadə və başqaları oynamışlar.
Xəsislik, tüfeyli yaşam tərzinin əks olunduğu tamaşa yüksək ustalıqla oynanılmışdır. Xalq deyimlərinin zəngin olduğu “Sərgüzəşti-mərdi-xəsis” komediyası ziyalılara, yaşlı nəslin nümayəndələrinə, gənclərə, uşaqlara gülüş dolu anlar yaşatmışdır.
Festivalda Füzuli Dövlət Dram Teatrına diplom və xatirə hədiyyəsi təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]