Füzuli rayonunda dezinfeksiya işləri gücləndirilib
Füzuli, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Füzulidə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri gücləndirilib. Horadiz şəhəri və ətraf kəndlərdə küçə və prospektlər kommunal təyinatlı texnikalar vasitəsilə məhlulla yuyularaq dərmanlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmçinin Qazaxlar Mirzənağılı və Əhmədalılar kəndlərində də dezinfeksiya işləri yerinə yetirilib. Görülən işlərlə yanaşı, rayon ərazisində idarə-müəssisə binaları, eyni zamanda, sakinlərin sıx toplaşdığı ərazilər, yaşayış binaları təkrar olaraq xüsusi məhlulla dərmanlanıb. Bu kimi tədbirlər mütəmadi davam etdiriləcək.
Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər 2 həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu gün 1700-ü ötüb.
Mütəxəssislər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazənin, tətil mövsümü və xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.