Füzuli rayonunda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
Füzuli, 12 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla icra olunur.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Soltan Əliyev AZƏRTAC-a bildirmişdir ki, əhalinin tibbi müayinəsi Horadiz şəhər, Əhmədbəyli kənd və Qayıdış qəsəbə xəstəxanalarında, rayon mərkəzi xəstəxanasında və Füzuli Müalicə Diaqnostika Mərkəzində həyata keçirilir.
Yaradılmış həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinləri evlərdə müayinə edirlər. Fevralın 17-dən indiyədək rayonun 40 yaşayış məntəqəsindən 31-də tibbi müayinələr başa çatmış, 40 min 850 nəfər sakin müayinə olunmuşdur. Onlardan 911 nəfəri ambulator, 294 nəfər stasionar müalicəyə cəlb edilmiş, 71 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bərşad Məmmədov bildirmişdir ki, çalışdığı tibb ocağının həkimləri də bu nəcib aksiyada həvəslə iştirak edirlər. Müayinələri əsasən cərrah, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Sakinlər daha çox ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Tibbi müayinədən keçən Füzuli şəhərindən olan məcburi köçkün Mircəfər Əliyev rayon sakinləri adından onların sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.