Füzuli rayonunda iki gün ərzində 3617 sakin tibbi müayinədən keçmişdir
Füzuli, 18 fevral (Tahir Ağaməmmədov, AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonda sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, tibb ocaqlarında dəqiq iş qrafiki tərtib olunmuşdur.
Komissiyanın sədri, icra hakimiyyəti başçısının müavini Bağır Aslanov AZƏRTAC-a bildirmişdir ki, müayinələr Horadiz şəhər, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, rayon mərkəzi xəstəxanasında və Füzuli Tibb Mərkəzində aparılır. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 5 həkim briqadası tərəfindən aksiyanın birinci günü 1857, ikinci günü isə 1760 sakin tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar edilən şəxslər rayon xəstəxanasında müalicə olunacaqlar. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəkdir.
Horadiz şəhər xəstəxanasında tibbi müayinədən keçən Böyük Bəhmənli kənd sakini İbəş Aslanov AZƏRTAC-a müsahibəsində yaradılan şəraitdən, müayinənin təşkilindən razılığını bildirərək demişdir: “Həkimlər məni hərtərəfli müayinə etdilər. Müayinə zamanı böyrəklərimdə iltihab, qara ciyər və dalaqda böyümə aşkarlandı. Ambulator müalicəyə cəlb olundum. Qayğımıza belə yüksək səviyyədə qaldığına görə Prezident İlham Əliyevə minnətdarıq”.