Füzuli və Xocavənd rayonlarından olan məcburi köçkünlərə eynəklər verildi
Füzuli, 13 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). Xəbər verdiyimiz kimi, bu ilin aprel ayında tanınmış yapon alimi, “Fucl Optika” özəl şirkətinin rəhbəri, dünya şöhrətli optometrist, doktor Akio Kanai altı nəfər mütəxəssisdən ibarət heyət ilə Azərbaycanda keçirdiyi növbəti humanitar aksiya çərçivəsində Füzuli rayonunda və Beyləqan rayonu ərazisində məskunlaşmış məcburi köçkünlər göz müayinəsindən keçirilmiş və onlara eynəklər paylanılmışdı.
Həmin vaxt görmə qabiliyyəti mürəkkəb olan sakinlərin bəzilərinə göz ölçüsünə uyğun gəlmədiyi üçün eynəklər verilməmişdi.
AZƏRTAC xəbər verir ki, Yaponiyadan həmin vətəndaşlar üçün ölkəmizə göndərilən eynəklər avqustun 13-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev tərəfindən Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində və Füzuli rayonunun Üçüncü Qayıdış qəsəbəsində məskunlaşmış məcburi köçkünlərə paylanıldı.
Məcburi köçkünlər sağlamlıqlarına göstərdikləri qayğıya görə doktor Akio Kanaiyə və “Fuci Optika” şirkətinin əməkdaşlarına təşəkkür etdilər.
Tədbirdə Azərbaycanın sürətli iqtisadi inkişafı, həmçinin qaçqın və məcburi köçkünlərin problemi ilə bağlı verilişlər hazırlamaq üçün ölkəmizə gəlmiş Tokio televiziyasının əməkdaşları da iştirak edirdilər. Jurnalist xanım Rie Suzuki eynək verilən sakinlərlə fikir mübadiləsi apardı, həmçinin Füzuli və Beyləqan rayonları ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzillərinə baş çəkərək, onların həyat şəraiti və yaşayışı ilə tanış oldu.