Füzulidə əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
Füzuli, 4 mart (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonda bu məqsədlə xüsusi komissiya yaradılmış, tibb ocaqlarında iş qrafiki tərtib edilmişdir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Soltan Əliyev AZƏRTAC-a bildirmişdir ki, sakinlər mərkəzi xəstəxana ilə yanaşı, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli tibb mərkəzində müayinədən keçirilir. Qrafikə əsasən ilkin olaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar müayinə olunurlar. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Fevralın 17-dən indiyədək 9500 sakin tibbi müayinədən keçirilmişdir. Onlardan 119 nəfəri mərkəzi rayon xəstəxanasında stasionar müalicəyə cəlb edilmiş, 37 nəfər isə respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər.
Horadiz şəhər xəstəxanasında tibbi müayinədən keçən rayon vergilər şöbəsinin müdiri Rəşad Hacıyev AZƏRTAC-a müsahibəsində demişdir ki, son illər ölkəmizdə gedən iqtisadi tərəqqi bütün sosial sahələr kimi, səhiyyənin inkişafına da güclü təkan vermişdir. Hər bir regionda müasir standartlara cavab verən səhiyyə müəssisələri fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi əhalinin sağlamlığına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.
Müayinədən keçən rayon sakinləri Razi Behbudov və Ziyadxan Səfərov əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasında mühüm əhəmiyyət kəsb edən humanitar aksiyanı yüksək qiymətləndirmiş, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarına bildirmişlər.