Füzulidə prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub
Füzuli, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri 84 saylı Füzuli seçki dairəsinin tərkibindəki 71 seçki məntəqəsində yüksək səviyyədə təşkil olunub. Füzuli rayonu ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün seçki dairəsini əhatə edən məntəqələrin 46-sı rayonun işğaldan azad edilmiş ərazilərində, qalanları isə respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Teymurov məlumat verib.
Komissiya sədrinin bildirdiyinə görə, dairə üzrə 46 min 85 seçici qeydə alınıb. Seçicilərdən 827 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 305-nin 18 yaşı bu il tamam olub. Seçicilərin 1589 nəfəri 80-100 yaş arasında, 3 seçicinin yaşı isə 100-dən yuxarıdır. 22 saylı seçki məntəqəsində qeydə alınmış 1910-cu il təvəllüdlü Surxay Abbasov rayonun ən yaşlı seçicisidir.
84 saylı Füzuli seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında bu il aprelin 11-nə təyin edilmiş prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq aparılır. Bütün seçki məntəqələri zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb.
Hazırda səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması, dairə seçki komissiyasında müşahidəçilərin qeydə alınması davam etdirilir. Bu günədək 824 müşahidəçi qeydiyyata alınıb.