GDU-da doktorantların illik hesabatı dinlənilib
Gəncə, 6 mart, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlarla onlayn görüş keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlayn formatda təşkil olunan görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə doktorantura təhsilinin əhəmiyyətindən, elmi tədqiqatların keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən və gənc tədqiqatçılar üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, 2026-cı il yanvarın 21-dən 29-dək universitetdə doktorant və dissertantların illik attestasiyası keçirilib. Attestasiyanın əsas məqsədi doktorantların illik elmi fəaliyyətini qiymətləndirmək, qarşıya qoyulan vəzifələrin icra vəziyyətini müəyyənləşdirmək və gələcək fəaliyyət istiqamətlərini dəqiqləşdirmək olub.
Daha sonra hər bir doktorant və dissertantın illik hesabatı dinlənilib. Təqdimatlar zamanı görülən elmi-tədqiqat işləri, dərc olunmuş məqalələr, konfrans çıxışları və dissertasiya mövzuları üzrə əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.
Görüşdə universitetin Doktorantura şöbəsinin müdiri Maqsud Vəliyev çıxış edərək doktorantlara illik hesabatları ilə bağlı suallar ünvanlayıb, aparılan araşdırmaların elmi yeniliyi, praktik əhəmiyyəti və perspektivləri ilə maraqlanıb. O, həmçinin elmi işlərin keyfiyyətinin artırılması, beynəlxalq elmi bazalarda nəşrlərin sayının çoxaldılması və dissertasiya işlərinin vaxtında tamamlanması ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.
Sonda doktorant və dissertantları maraqlandıran suallar cavablandırılıb, təklif və müraciətlər dinlənilib. Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Müxbir - Elcan Məmmədov