Gədəbəydə şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da "World Medicine" şirkətinin təşkilatçılığı ilə akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı Gədəbəy rayonunda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 100-dən çox vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ aparılıb.
Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunanlar isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Həmçinin tədbir çərçivəsində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə elmi diskussiyalar, gələcək planlar haqqında müzakirələr aparılıb.