“Gələcəyi dizayn et” layihəsinin icrasına başlanılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır-2022” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi olan “Gələcəyini dizayn et” layihəsinin icrasına başlanılıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 18-29 yaş arası, maddi cəhətdən zəif olan, dizayn, memarlıq ixtisasında təhsil alan və ya həvəskar 20 nəfər gəncə bir ay müddətində (2 qrup şəklində hər qrupda 10 nəfər olmaqla, həftədə 2 dəfə, 1,5 saat) AutoCAD proqramı tədris ediləcək. Dərslər, Azərbaycan Rəssamlıq Akademiyasının İnteryer dizayn ixtisasını qırmızı diplomla bitirən, “Code Academy”nin “Digital Memarlıq və 3D tədris” proqramını müvəffəqiyyətlə bitirən və daha sonra da orada mentor olaraq fəaliyyət göstərən Xanımzər Məmmədova tərəfindən tədris ediləcək.
Layihədə iştirak etmək istəyən gənclər qeydiyyat formunu doldurmalıdır.
Qeyd edək ki, namizədlər müsahibə əsasında seçiləcək.
Dərslər dekabrın 21-dən gələn ilin yanvarın 21-dək Bakı şəhəri “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzinin (ünvan: Bakı şəh., Binəqədi r-nu, Səttar Bəhlulzadə küç., ev 44, AZ-1106, Azərbaycan) təlim mərkəzində keçiriləcək.
Kursu bitirənlər sertifikatla təmin olunacaqlar.
Layihədə iştirak etmək üçün https://forms.gle/VUjE9VZd2daKD2F2A link vasitəsilə anketi cavablandırmaq lazımdır.
Qeydiyyat üçün son tarix dekabrın 15-də saat 23.00-dəkdir.
Qeyd olunub ki, dərslər ödənişsizdir.