Gəmiçilikdə dalğıcların istifadə etdiyi havanın tərkibinin yoxlanılması üçün tədbirlər görülür
Bakı, 30 yanvar, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) dalğıcların təhlükəsizliyi və sağlamlığının təmin edilməsi məqsədilə ciddi tədbirlər həyata keçirilir.
ASCO-nun mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, dalğıcların sağlamlığına mənfi təsir göstərən amillərdən biri də dalğıc işləri zamanı nəfəs alınan qaz qarışığında karbon qazının parsial təzyiqinin artmasıdır. Suya dalma zamanı dalğıcların bu mənfi təsirli amillərlə üzləşməməsi üçün onların istifadə etdikləri dalğıc tənəffüs aparatı balonlarına kompressordan vurulan havanın tərkibi mütəmadi olaraq yoxlanılmalıdır.
Zərurət yarandığından bu cür analizlərin aparılması üçün ASCO tərəfindən Almaniya istehsalı olan “Drager Aerotest 5000” cihazı alınıb. Eyni zamanda, bu sahə üzrə Türkiyədən dəvət olunmuş mütəxəssislər Xəzər Dəniz Neft Donanmasının aidiyyəti işçiləri ilə “Kompressordan çıxan havanın “Drager Aerotest 5000” cihazı ilə analizi” adlı nəzəri və praktiki təlimlər keçiblər. Təlim iştirakçılarına xüsusi sertifikatlar verilib.