Gənc Alim və Mütəxəssislərin VI institutlararası futbol çempionatının açılışı olub
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyi ilə gənc alim və mütəxəssislərin VI institutlararası futbol çempionatının açılışı olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək ənənəvi keçirilən çempionatın ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunduğunu söyləyib. O, turnirin aprelin 22-dən mayın 15-dək on altı komandanın iştirakı ilə keçiriləcəyini və oyunların AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə ediləcəyini bildirib.
AHİ-nin sədri, professor Habil Qurbanov çempionatda ildən-ilə iştirakçı komandaların sayının artdığını vurğulayıb. Komanda idman növündə yarışların genişləndirilməsi istiqamətində işlərin görüldüyünü deyən H.Qurbanov alimlər üçün voleybol və basketbol meydançalarının hazırlandığını, yaxın aylarda istifadəyə veriləcəyini bildirib.
Daha sonra Geologiya və Geofizika, İdarəetmə Sistemləri institutlarının komandalarının görüşü ilə çempionatın qrup oyunlarına start verilib.