Gənc alimlərin II respublika innovativ ideya yarmarkası başa çatmışdır
Bakı, 31 iyul (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən gənclərin II respublika ideya yarmarkası başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyul tarixli Sərəncamına əsasən keçirilmişdir. Məqsəd gənc alimlərin 5 elm sahəsi üzrə təqdim olunmuş məqalələrini dinləmək, onlara sərbəst müzakirə imkanı yaratmaq, müxtəlif elm sahəsindən olan mütəxəssislər arasında ünsiyyət yaratmaq və özlərinə güvən hissini aşılamaq olmuşdur. Yarmarka çərçivəsində 3 günlük “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” mövzusunda elmi konfrans da keçirilmişdir. 5 gün davam etmiş yarmarka müddətində reallaşmış tədbirlərdə 161 gənc alim və mütəxəssis iştirak edərək konfransa məqalələrini, araşdırmalarını təqdim etmişlər. Konfrans çərçivəsində müsabiqə keçirilmiş və burada səslənən innovativ ideyalar, ən yaxşı elmi işlər seçilərək respublikanın tanınmış alimləri tərəfindən təşkil olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Proqram zənginliyi ilə seçilən builki yarmarkada təkcə AMEA institutlarının deyil, respublikanın tanınmış elmi tədqiqat və ali təhsil müəssisələrinin də gənc alimləri iştirak etmişlər.