“Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olublar
Bakı, 4 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VII-VIII sinif şagirdlərinin BDU-nun Fizika, Kimya və Biologiya fakültələrinin laboratoriyaları ilə yaxından tanışlığına başlanılıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, erkən yaşlardan elmi mühitlə təmas şagirdlərin elmə maraqlarının artmasına, analitik və tədqiqat bacarıqlarının formalaşmasına, gələcək ixtisas seçimində düzgün istiqamətlənmələrinə mühüm töhfə verir.
Məşğələlər zamanı şagirdlər BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olublar. BDU-nun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında təşkil olunan dərs və praktik məşğələlər şagirdlərin fizika, kimya və biologiya fənləri üzrə əldə etdikləri nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsinə şərait yaradır. Bu cür məşğələlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, biliklərinin dərinləşməsinə və elmə daha da yaxınlaşmalarına xidmət edir.