Gənc seysmoloqlar Tacikistanda məruzə ilə çıxış ediblər
Bakı, 30 sentyabr, AZƏRTAC
Tacikistan Respublikasının paytaxtı Düşənbədə MDB-yə üzv olan ölkələrin gənc alim və mütəxəssislərinin iştirakı ilə “Gənc Seysmoloqların Məktəbi” keçirilib.
Tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin elmi işçisi Afaq Ağazadə və qravimetriya şöbəsinin kiçik elmi işçisi Pərvin Babazadə təmsil ediblər.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda A.Ağazadə “Bulla dəniz neft-qaz yatağının seysmogeodinamik şəraitinin qiymətləndirilməsi (Cənubi Xəzər Hövzəsi)”, P.Babazadə isə “Böyük Qafqaz ərazisində seysmik aktivliyin səciyyəsi” mövzusunda təqdimatla çıxış ediblər.
Hər iki məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səfər çərçivəsində gənc alim və mütəxəssislər Tacikistanın “Simiqanç” seysmik stansiyasının işi ilə tanış olublar.