Gəncə cüdoçuları Avropa çempionatında uğur qazanıblar
Gəncə, 10 iyul, AZƏRTAC
Gəncə idmançıları İspaniyanın Las Palmas de Gran Canaria şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatında uğurlu çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Təhsil Respublika İdman Mərkəzi”nin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin yetirməsi Sadiq Məmmədov (73 kq, şəxsi məşqçi Samir İsmayılov) gümüş, İlkin Qarayev (66 kq, şəxsi məşqçi Hüseyn Allahverdiyev) isə bürünc medal qazanaraq Azərbaycan milli komandasının uğuruna töhfə veriblər.
Bu münasibətlə Heydər Əliyev Park-Xiyaban Kompleksindəki Zəfər Tağının önündə Sadiq Məmmədovun qarşılanma mərasimi keçirilib. Mərasimdə iştirak edən idman ictimaiyyətinin nümayəndələri cüdoçuları əldə etdikləri uğur münasibətilə təbrik edib, onlara gələcək yarışlarda yeni nailiyyətlər arzulayıblar. Məşqçilər və idmançıların valideynləri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Müxbir - Elcan Məmmədov