Gəncə sakinləri sağlamlıqlarının qorumasına göstərilən diqqətə görə Prezidentə minnətdarlıq edirlər
Gəncə, 28 mart (AZƏRTAC). Bu gün hər bir Azərbaycan vətəndaşı öz ölkəsi ilə fəxr edir. Gündən-günə inkişaf edən müstəqil respublikamız dünya ölkələri arasında özünə layiqli yer tutmuşdur. Memarı və qurucusu ulu öndərimiz Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində həyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə edilir. Bu nailiyyətlər arasında səhiyyəni xüsusilə qeyd etmək lazımdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində bildirən Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov daha sonra demişdir ki, Prezident əhalinin rifah halının yaxşılaşdırılmasına, eləcə də insanların sağlamlığının qorunmasına daim ciddi diqqət yetirir. İndi elə bir bölgə yoxdur ki, orada müasir tibb mərkəzi olmasın. Ən yeni tibb avadanlıqları ilə təchiz edilmiş bu səhiyyə ocaqları ixtisaslı kadrlarla da təmin edilmişdir və sakinlərin hər hansı müayinə üçün paytaxta getməsinə ehtiyac qalmır.
Dövlətimizin başçısının əhalinin pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırıq bir daha onu göstərir ki, cənab İlham Əliyev həqiqətən hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.