Gəncə şəhərinin Kəpəz rayonunda top mərmisi aşkarlanıb
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də saat 11:07-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonunda mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik top mərmisi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 1100 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.