Gəncədə avtoxuliqanlıq edən gənclər saxlanılıblar VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, saxlanılan sürücülərin barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Arif Tağıyevin, Asif Tağıyevin və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin bəzi küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Chevrolet” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxslərin barələrində Gəncə Şəhər Baş Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs cəzasının verilməsi barədə qərar qəbil edib. Bundan başqa, onlar bir il müddətinə sürücülük hüququndan məhrum ediliblər.