Gəncədə Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Gəncə, 4 dekabr, Elcan Məmmədov. AZƏRTAC
Gəncədə YAP Gəncə şəhər təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və “Fərəh” Sosial Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə “Əngəlsiz xəyallarda rəngli dünyam” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva və “Fərəh” Sosial Təşəbbüs Qrupunun rəhbəri İlqar Hümbətov çıxış ediblər. Çıxışlarda 3 Dekabr – Beynəlxalq Əlillər Gününün sosial həssas qruplara diqqətin artırılması, onların həyatına müsbət təsir edən təşəbbüslərə dəstəyin göstərilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Bədii hissədə “İçimdəki mübarizə” adlı səhnəcik nümayiş olunub. Daha sonra gənclərin ifaları və rəqs nömrələri təqdim edilib. Psixoloq və yazıçı İlqar Kamilin çıxışı da maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirin məqsədi sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətdəki rolunu, onların istedadını, iradəsini və həyatdakı görünməyən güclərini önə çəkmək, həmçinin inklüzivliyin vacibliyini bir daha diqqətə çatdırmaqdır.