Gəncədə narkotik satan və oğurluq edən şəxslər saxlanılıblar
Gəncə, 11 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş Asəf Quluzadə saxlanılaraq polis idarəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan həmin şəxsin evinə baxış keçirilib və oradan bir ədəd sellofan bükülüdə, 130 qram çəkidə metamfetamin aşkarlanıb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.
Bundan başqa, ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən azyaşlılar saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan 3500 manata yaxın nağd pul oğurlayıblar. Şübhəli şəxslərin digər analoji cinayətlər törətməsi istisna olunmadığından faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Aşkar edilən faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar aparılır.