Gəncədə şəhid Vahid Qurbanovun xatirəsi anılıb
Gəncə, 4 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və şəhər icra hakimiyyətinin dəstəyi ilə şəhid Vahid Qurbanovun anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vahid Qurbanov 2001-ci il yanvar ayının 7-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 2007-2016-cı illərdə Əyyublu kənd, 2016-2018-ci illərdə Gəncə şəhər 29 saylı tam orta məktəbində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabr ayının 30-da şəhidlik məqamına yüksəlib.
Şəhidin anası Nurlana Babayeva deyib ki, övlad itkisi nə qədər ağır olsa da, o, oğlu ilə fəxr edir. “Vətənin keşiyində duran bütün əsgər və zabitlərimizi Allah pənahında saxlasın. Heç bir şəhidimizin qanı yerdə qalmadı. Allah qazilərimizə də şəfa versin. Vahidin tərxis olmağına iki ay qalmışdı. Müharibənin bitməsinə 1 həftə qalmış şəhidlik zirvəsinə ucaldı. Şəhid anası kimi oğlumla fəxr edirəm,” - deyə şəhid anası bildirib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra şəhid Qurbanov Vahid Elşad oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.