Gəncədə təhsil alan tələbələr İKT sahəsində karyera imkanları barədə maarifləndiriliblər
Gəncə, 27 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində (Aqrar Universitet, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə region gənclərinin İKT sahəsindəki biliklərinin inkişaf etdirilməsi məqsədilə seminarlar təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç universitetdə keçirilən tədbirlərdə, ümumilikdə, 600-dən çox tələbə və müəllim iştirak edib.
Seminarlardan sonra mərkəzin əməkdaşları tərəfindən universitetlərin rəhbərlikləri ilə gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirlərdə çıxış edən mərkəzin direktoru Rauf Cabbarov regionlarda təhsil alan tələbələrin İT sahəsi üzrə inkişafının perspektivlərindən danışıb, bu sahənin onların gələcək karyeralarındakı önəmini vurğulayıb.
Seminarlarda mərkəzin əməkdaşları tərəfindən elektron hökumət həlləri, İKT üzrə təlim imkanları, beynəlxalq sertifikasiya proqramları, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar nümayiş etdirilib.
Tələbələrlə keçirilən seminarlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə birgə reallaşdırılan “İdeyadan biznesə” adlı startap turu barədə də məlumat verilib.
Sonda universitetlərin tələbələri və müəllim heyəti ilə müzakirələr aparılıb.