Gəncədə tibbi müayinələrin gedişi ilə bağlı hesabatlar dinlənilmişdir
Gəncə, 4 aprel (AZƏRTAC, Sabir Əliyev). Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq fevral ayının 17-dən başlanmış tibbi aksiya Gəncədə də mütəşəkkil həyata keçirilir. Şəhərdə indiyədək 30 min 549 nəfər tibbi müayinədən keçərək öz sağlamlıq durumu barədə məlumat əldə etmişdir. Müayinə olunanların 286 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 56 nəfər isə müalicə üçün Bakıya göndərilmişdir.
AZƏRTAC xəbər verir ki, bu barədə tibbi müayinələrin gedişi ilə bağlı keçirilən ümumşəhər toplantısında məlumat verilmişdir. Toplantıda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov son illər ölkəmizdə səhiyyənin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, eləcə də Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil olunmuş tibbi müayinələrin əhəmiyyətindən danışmışdır.
Şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayevin tibbi müayinələrin gedişi ilə bağlı hesabatı dinlənildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nizami Hacıyev aksiyanın mütəşəkkil keçirilməsi üçün görülən işləri diqqətə çatdırmış və bu vacib məsələnin şəhər icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlandığını qeyd etmişdir.
Daha sonra tibbi müayinələrin aparıldığı səhiyyə ocaqlarının rəhbərləri İsa Babayev, Xalidə Sadıqova və başqaları çıxış edərək müayinələrin mütəşəkkil keçirilməsi ilə bağlı heç bir problemin olmadığını bildirmişlər.
Toplantının sonunda aksiyada fəallıq göstərən bir qrup tibb işçisinə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.