Gənclər arasında milli-mənəvi dəyərlər təbliğ olunur
Lənkəran, 24 yanvar, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə reallaşdırılan “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Şağlaser kəndində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Şağlaser kənd tam orta və ümumi orta məktəbinin müəllimləri, kənd məscidi dini icmasının sədri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev kəndin Vətən uğrunda gedən döyüşlərdə 6 şəhid verdiyini bildirib. O, çıxışında gənclər arasında vətənpərvərliyin təbliğ edilməsinin vacibliyini söyləyib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ömür yolunun gənclərimizə örnək olduğunu deyib.
Vətənpərvərliyin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən danışan Q.Məmmədov qeyd edib ki, keçirilən tədbirin məqsədi gənclər arasında milli-mənəvi dəyərləri təbliğ etməkdir.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov dövlət tərəfindən şəhidlərin xatirəsinə böyük ehtiram göstərildiyini, onların ailələrinin daim qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Şağlaser kənd tam orta məktəbin direktoru Yalçın Əliyev, kənd ümumi orta məktəbin direktoru Aygün Fətullayeva, şəhid ailələrinin üzvləri Arif Əsədullayev, Fəxrəddin Əkbərov və başqaları mövzu ilə bağlı təkliflərini bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.