Gənclər arasında tibbi maarifləndirməyə ehtiyac var
Bakı, 10 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Sağlam həyat tərzi insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına yönələn həyat fəaliyyəti üsuludur. Əməyin və istirahətin gigiyenası sağlam həyat tərzinə kömək edir, siqaret çəkmək, alkoqollu içkilər və narkotik kimi zərərli vərdişlər isə mane olur.
“Sağlam ailə” Tibb Mərkəzinin sosial əlaqələr üzrə şöbə müdiri Nigar Rüstəmli AZƏRTAC-a eksklüziv müsahibəsində gənclər arasında tibbi maarifləndirmənin zəruri olduğunu bildirib. O deyib: “Mərkəz gəncləri elmin son nailiyyətləri barədə məlumatlandırmaq, sağlam həyat tərzini təbliğ etmək, habelə tibbi maarifləndirmə məqsədi ilə artıq 11 ildir vaxtaşırı konfranslar, forumlar təşkil edir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və “Euromed” Tibb Mərkəzi ilə birlikdə keçirilən “Sağlam gənclər, sağlam gələcək” mövzusunda forum Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. Tədbirlər zamanı gənclərin məlumatlılıq səviyyəsinin zəif olduğu üzə çıxıb. Gənclərin məlumatsız olmasının səbəbi mentallıq faktorudur. Bu səbəbdən gənclər arasında tibbi müayinə mədəniyyətini inkişaf etdirmək üçün həmin tədbirləri sistemli şəkildə keçirmək zərurəti göz qabağındadır. Nikaha girən gənclər bir-birinin sağlamlığı barədə məlumatlı olmalıdırlar. Son statistik məlumatlar göstərib ki, Azərbaycan ailələrində boşanmaların çoxu sonsuzluq, talassemiya, genetik qan xəstəlikləri səbəbindən baş verir. Bu məsələ barəsində məlumatsızlıq mənfi nəticələrə (ağır infeksion xəstəliklərə yoluxma, xəstə uşağın doğulması və s.) gətirib çıxara bilər.