Gənclər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barəsində məlumatlandırılırlar
Bakı, 23 may, AZƏRTAC
Avropa İttifaqının Erasmus+KA1 mübadilə proqramı çərçivəsində “Azərbaycan Könüllülər” İctimai Birliyinin təşkilati dəstəyi ilə Bakıda “Smart youth for smart cities” adlı beynəlxalq layihə həyata keçirilir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihədə səkkiz ölkədən (Azərbaycan, Estoniya, Gürcüstan, Fransa, İtaliya, Polşa, Niderland və Türkiyə) ümumilikdə 32 QHT rəhbəri və üzvləri iştirak edir.
Mayın 28-dək davam edəcək layihənin məqsədi gənclərə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində yol göstərmək, ağıllı şəhər fenomenini araşdırmaq, ağıllı şəhərlərin ideyalarını təbliğ etmək üçün müxtəlif vasitələrdən istifadə bacarıqlarını aşılamaqdan ibarətdir.
Layihə müddətində qeyri-formal təhsil metodundan istifadə olunaraq iştirakçılara DİM-lər haqqında məlumat veriləcək. Eyni zamanda, hədəf daha az imkanları olan gənclərin işləmək bacarığını inkişaf etdirmək, Aİ Proqramı və tərəfdaş ölkələrlə gənclərlə iş sahəsində əməkdaşlığı genişləndirməkdir.
Tədbir çərçivəsində iştirakçı ölkələrin mətbəxi, milli musiqisi və rəqs nümunələri nümayiş olunub.