CƏMİYYƏT
Gənclər Günü Ədliyyə Nazirliyinin Mühafizə Alayında qeyd olunub








Bakı, 3 fevral, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin gənclərə bəxş etdiyi 2 fevral - Azərbaycan Gəncləri Günü ədliyyə orqanlarında geniş qeyd olunub. Builki bayram Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə daha da əlamətdardır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Gəncləri Günü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər təşkil olunub, o cümlədən nazirliyin rəhbərliyinin gənc əməkdaşlarla və ədliyyə könüllüləri ilə görüşü keçirilib. Həmçinin Ədliyyə tarixi muzeyində nazirlik tərəfindən dövlət gənclər siyasətinə uyğun həyata keçirilən tədbirləri əks etdirən yeni guşə yaradılıb, gənc könüllülərin muzeylə tanışlığı olub, kinozalda filmlər, eləcə də fotoslaydlar nümayiş etdirilib.
Davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət keçən gənc əsgərlər üçün geniş konsert proqramı keçirilib.
Tədbirdə nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxış edərək ulu öndər Heydər Əliyevin gənclərə qayğısından bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin uğurla həyata keçirilərək bu gün respublikamızda sağlam və müasir düşüncəli, milli və yüksək vətənpərvərlik ruhlu gənclərin yetişdiyini vurğulayıb, bayram münasibətilə əsgərləri təbrik ediblər.
Sonra tədbir musiqili-əyləncəli proqramla davam edib, xidmətdə fərqlənən əsgərlərə hədiyyələr təqdim olunub.
Konsert proqramı tədbir iştirakçıları tərəfindən xoş ovqat və sevinc hissi ilə qarşılanıb.