Gənclər Kitabxanasında şanlı Zəfər tariximizə həsr olunan təqdimat hazırlanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dövlət suverenliyi – milli dövlətçiliyimizin əbədi təntənəsi” adlı təqdimat hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdimat Azərbaycan dövlətçiliyinin tarixi, Vətən müharibəsi, Zəfər, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, eləcə də dövlət suverenliyinin bərpası ilə bağlı məlumatların, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, milli yaddaşın qorunması və təbliği məqsədilə ərsəyə gəlib. Təqdimatda 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin xronologiyası canlandırılır, sonradan dövlət suverenliyinin bərpası ilə Qarabağ və Şərqi Zəngəzurda başlayan genişmiqyaslı quruculuq mərhələsindən bəhs edilib.
Materialda Azərbaycanın yeni inkişaf strategiyasının mühüm istiqaməti olan işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, təhsil və mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı haqqında məlumatlar yer alıb.
“Dövlət Suverenliyi Günü” adlı ənənəvi sərgidə isə şanlı Zəfər tariximizə həsr edilən nəşrlər və “Qürur və tarixi yaddaş günü” adlı biblioqrafik icmal nümayiş olunub.