Gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən “İdeya qazandı” teleyarışma başlanılır
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycanda ilk dəfə gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən “İdeya qazandı” teleyarışma başlanılır.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Youth İNC” proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi gənclərə öz ideya və ya bizneslərini reallaşdırmaq üçün şərait yaratmaq, eyni zamanda, onları investorlara tanıtdırmaq, o cümlədən yerli televiziyada biznes üslubunda verliş yayımlamaqla gəncləri biznesin qaydaları ilə tanış etməkdir.
“İdeya qazandı” televiziya yarışmasında 5 sahibkar gənclərin ideyaları seçəcək və bu ideyalarını reallaşmasına vəsait ayıracaqdır.
Verilişdə 16-35 yaşlı gənclər ideyaqazandi.az və atgdc.org saytlarında noyabrın 30-dək ərizə formasını doldurub iştiraklarını təsdiq edə bilərlər. Ərizə forması tam və düzgün doldurulduğu halda gənc verilişə dəvət olunur və sahibkarlara ideyasını təqdim edərək qarşılıqsız yatırım alması imkanını qazanır.
Qalib gələn gənclər, həmçinin sahibkarın təcrübələrindən bəhrələnmək imkanı əldə edəcəklər.
Veriliş yanvarın 15-dən sonra televiziyada yayımlanacaqdır.