Gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Oğuz rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, “Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin açılışında Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Oğuz rayonu üzrə təhsil sektorunun nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunub, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilib.
Tədbir zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilib.