CƏMİYYƏT
Gənclərin Respublika Narkoloji Mərkəzinə infoturu təşkil edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də gənclər təşkilatlarının nümayəndələri üçün Respublika Narkoloji Mərkəzinə infotur təşkil edilib.
İnfotur Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.
Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, Tədbirlər Planı çərçivəsində təşkil olunmuş infoturun məqsədi psixoaktiv maddələrdən asılı olan şəxslərin müalicə və reabilitasiyası prosesi barədə ictimai fəal gənclərin məlumatlılıq səviyyəsini artırmaqdan ibarət olub.
Respublika Narkoloji Mərkəzinin baş direktor müavini narkoloji mərkəzin fəaliyyəti, stasionar müalicə, intensiv terapiya, ambulator reabilitasiya, opioidlərlə əvəzedici müalicə proqramı, eyni zamanda, regionlarda fəaliyyət göstərən narkoloji müəssisələr ilə bağlı görülən işlər və s. barədə tur iştirakçılarına geniş məlumat verib. Gənclər, həmçinin müalicə prosesi ilə də tanış olublar.