“GeoCamp” tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu təşkil olunub
Bakı, 27 avqust, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech”, “CQA International Ltd”, “AT-Geotech”, “A-A”, “Atlas” və “AzGeo” şirkətlərinin dəstəyi ilə keçirilən “GeoCamp” tələbə yay düşərgəsi çərçivəsində elmi-maarifləndirici və əyləncəli proqramlar təşkil olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, düşərgə proqramına uyğun olaraq, BDU-nun Astrofizika kafedrasının dosenti Xıdır Mikayılovun iştirakı ilə gecə müşahidəsi keçirilib. Xıdır Mikayılov iştirakçılara teleskopun daxili quruluşu, optik sistemləri və işləmə prinsipləri, eləcə də cihazdan istifadə qaydaları haqqında ətraflı məlumat verib.
Daha sonra iştirakçılar teleskop vasitəsilə göy cisimlərini müşahidə ediblər.
Düşərgə çərçivəsində, həmçinin iştirakçıların komanda işi və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Kvest” oyunu təşkil olunub.
Oyunda komandalara bölünən iştirakçılar təqdim olunan sualları cavablandıraraq və verilən açar sözlərdən istifadə edərək mərhələləri keçib, sonuncu suala çatmağa çalışıblar. Oyunun şərtlərinə əsasən, yekun sualı ən tez və düzgün cavablandıran komanda yarışın qalibi elan olunub.
“GeoCamp” tələbə yay düşərgəsi çərçivəsində iştirakçıların elmi biliklərinin artırılması, praktiki bacarıqlarının və komanda işinin inkişaf etdirilməsi məqsədilə müxtəlif təlim, sessiya və interaktiv fəaliyyətlərin keçirilməsi davam edir.