Gigiyenik normaları pozan obyektlər bağlandı
Bakı, 11 dekabr, AZƏRTAC
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən aparılmış laboratoriya müayinələrinin nəticələrinə görə, bu ilin noyabr ayı ərzində gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 17 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev AZƏRTAC-a açıqlamasında bildirib ki, bununla bərabər, yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan 3 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Onun sözlərinə görə, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 230 yeyinti məhsulundan nümunələr götürülüb, onlardan 6-da normadan kənaraçıxma qeydə alınıb. Mikrobioloji göstəricilərinə görə müayinəyə verilmiş 232 nümunədən 5-də normadan kənaraçıxma aşkar olunub. Şadlıq evlərindən isə 142 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 1 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.
İ.Abdullayev bildirib ki, noyabr ayı ərzində əhali arasında baş vermiş 50 qida zəhərlənməsi hadisəsindən 54 nəfər zərər çəkib.
Ötən ay 6 botulizm hadisəsinin qeydə alındığını, bundan 10 nəfərin zərər çəkdiyini bildirən şöbə müdiri qida zəhərlənmələrinin əsasən məişətdə baş verdiyini diqqətə çatdırıb.