Giorgi Qaxariya: Gürcüstan narkotiklərlə mübarizə sahəsində Azərbaycan ilə sıx əməkdaşlıq edir
Tbilisi, 14 aprel, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ümumi dəyəri 1,5 milyon dollar olan 400 kiloqramdan çox narkotik və psixotrop maddəni qanunsuz dövriyyədən çıxararaq məhv edib.
AZƏRTAC xəbər verir ki, əsasən kokain, heroin, “subteksa”, “kodein” həbləri, habelə həm toz, həm də həb halında “metadon” və “MDMA” psixotrop maddələr yandırılaraq məhv edilib.
Bu narkotiklərin ümumi dəyəri “qara bazarda” 4 milyon lari (1,5 milyon dollar) qiymətləndirilir.
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya jurnalistlərə açıqlamasında bildirib ki, narkotiklər ölkəyə əsasən İrandan və bəzi qonşu ölkələrdən gətirilir. Nazirlik və digər müvafiq dövlət orqanları narkotiklərə qarşı mübarizəni daha da gücləndiriblər. Bunun sayəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında böyük işlər görülüb. Məhv edilən narkotiklər də birgə əməliyyatlar nəticəsində ələ keçirilib.
Nazir deyib: “Ölkədə cinayətkarlığın və xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq, ictimai sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək məqsədilə xüsusi layihə hazırlanıb. Bu layihə bir çox ölkələrin təcrübəsinə əsaslanaraq hazırlanıb”.
G.Qaxariya bildirib ki, Gürcüstan narkotiklərə qarşı mübarizə sahəsində qonşu ölkələr, o cümlədən Azərbaycan ilə sıx və səmərəli əməkdaşlıq edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi