Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb
Bakı, 20 dekabr, AZƏRTAC
Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Asbaghikourabaslou Saeid Samad Biləsuvar gömrük postunda saxlanılıb.
Azərbaycana piyada gələn A.S.Samad ilə aparılan şifahi sorğu-sual zamanı həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin, narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Lakin yoxlama zamanı davranışları ilə gömrükçülərdə şübhə yaradan A.S.Samad Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onun daxili orqanlarının tibbi müayinəsi zamanı düz bağırsağından 6 büküm aşkarlanıb. Bükümlərdən 5-nin içərisində qablaşdırılma ilə birgə ümumi çəkisi 149 qram olan, ağ rəngli, kristal şəklində psixotrop maddə - metamfetamin, sonuncu bükümdə isə 2 ədəd ayrı-ayrı sellofana bükülü şəkildə, qablaşdırılma ilə birlikdə ümumi çəkisi təqribən 1 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.