Goranboy, Ağdam və Tərtər rayonlarında şəhid və qazi ailələrinə bayram sovqatları çatdırılıb
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə 97 saylı seçki dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonları üzrə 411 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə Ramazan bayramı ərəfəsində maddi yardım göstərilib, bayram münasibətilə həmin rayonların 40-dan çox yaşayış məntəqəsində 1015 şəhid, qazi, əlil və aztəminatlı ailəsinə təbrik məktubları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb, Goranboy rayonunda təxminən 600 nəfərin iştirakı ilə böyük iftar mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsinin, milli dəyərlərimizin təbliği və təşviqinin dövlətimizin siyasətinin əsas prioritetlərindən olduğu bildirilir.
Qeyd olunur ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır.
Vurğulanır ki, artıq üçüncü ildir xalqımız Ramazan bayramını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan azad olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və quruculuq işlərindən doğan qürur hissi ilə qeyd edir.
Müqəddəs “Qurani-Kərim”in nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir. Qədirbilən xalqımız şəhidlərimizin müqəddəs adını həmişə uca tutur, şəhid ailələrinə və müharibə əlillərinə diqqətini və qayğısını heç vaxt əsirgəmir.
Şəhid ailələri, qazilər və sakinlər onlara göstərilən yüksək diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.