Goranboy rayonunun 11 mindən çox sakini tibbi müayinədən keçirilmişdir
Goranboy, 25 fevral (AZƏRTAC). Respublika Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunmuş tibbi müayinələrin Goranboy rayonunda da yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait yaradılmışdır. Müayinələrin əksəriyyəti müasir tibbi avadanlıqlarla təchiz edilən mərkəzi rayon xəstəxanasının cərrahiyyə, poliklinika və fizioterapiya şöbələrində aparılır. Müxtəlif ixtisaslı peşəkar həkimlər kompyuter-tomoqrafiya, ultrasəs müayinəsi, exo-kardioqrafiya və digər müayinələr həyata keçirirlər.
Rayon icra hakimiyyəti başçısının müavini Elçin İsmayılov AZƏRTAC-a demişdir ki, tibbi müayinələr 87 yaşayış məntəqəsi üzrə 3 xəstəxanada və 20 kənd həkim məntəqəsində həyata keçirilir. Fevralın 17-dən indiyədək rayonda əhalinin 11 min 29 nəfəri, yəni 10 faizi müayinə olunmuşdur. Bundan başqa, rayon ərazisində məskunlaşan məcburi köçkünlərin də aksiyaya cəlb olunmasına ciddi yanaşılır. Səyyar həkim briqadaları onların məskunlaşdıqları ərazilərə gedərək müayinələr aparırlar.
Humanitar aksiyanın mütəşəkkil keçməsini təmin etmək üçün xüsusi qərargah yaradılmışdır. Müayinədən keçən bütün sakinlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edirlər.