GORANBOYDA 9 AYDA ÜMUMDAXİLİ MƏHSUL İSTEHSALI 86,2 MİLYON MANAT ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətində bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Elşən Abasov Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən və 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqlərindən irəli gələn vəzifələrlə bağlı məruzə etmişdir.
Məruzəçi qeyd etmişdir ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı durmadan yaxşılaşır. Bunu Goranboy rayonunun timsalında da aydın görmək olar.
Hesabat dövründə rayonda sənaye məhsulunun ümumi həcmi 3,8 milyon manat, əsas kapitala yönəldilmiş investisiyalar 2,2 milyon manat, kənd təsərrüfatında ümumi məhsul istehsalı 28, 6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 45,3 milyon manat artmışdır. Qaramalın sayı 1625 başa, davarın sayı isə 214 min başa çatdırılmışdır. Əhali heyvandarlıq sahəsindən 8,3 milyon manat, bitkiçilikdən isə 20,2 milyon manat gəlir əldə etmişdir.
Ölkəmizin başçısının müşavirədə söylədiyi iradların Goranboy rayonu üçün də xarakterik olduğunu bildirən məruzəçi demişdir ki, rayonda hələ də torpaqların zəbt edilməsi və qanunsuz tikintilərin aparılması halları davam edir. Araşdırma zamanı məlum olmuşdur ki, Səfikürd, Səmədabad, Şəfəq bələdiyyələri tərəfindən torpaqların qanunsuz istifadəsi hallarına yol verilir. Aşağı Ağcakənd qəsəbəsində vəziyyət daha dözülməzdir.
Rayon icra hakimiyyətinin başçısı işsizliyin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirləri, ötən 9 ayda rayon məşğulluq mərkəzinə müraciət etmiş 331 nəfərdən 189 nəfərinin işlə təmin olunduğunu, keçirilmiş əmək yarmarkasında 42 nəfərə göndəriş verildiyini xatırlatmışdır.
Tədbirdə çıxış edənlər görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmış, iqtisadi və siyasi sahələrdə qazanılmış nailiyyətləri aparılan düzgün siyasətin nəticəsi kimi qimətləndirmişlər.
Müşavirədə Prezidentin İcra Aparatının məsul əməkdaşı Niyaz Əliyev çıxış etmişdir.
Müşavirə iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.