Goranboyda hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
Bakı, 24 mart, AZƏRTAC
Martın 23-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Erkec kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd heç bir hərbi təyinatı olmayan metal əşya aşkarlanıb. Metal əşya Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş metal əşyanın ətrafında 250 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.